İQTİSADİYYAT
SOCAR: Eksperimental istehsalat müəssisəsində yenidənqurma işləri aparılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
“Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər günü” ərəfəsində SOCAR-ın rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neft və qazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində mexaniki emal sahəsi müasir standartlara uyğun alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulub. Eləcə də burada əsas bina və köməkçi qurğuların təmiri, ətraf mühitin abadlaşdırılması işləri görülüb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək deyib: “50 ildən artıq bir müddətdə neft və qazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilib. Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmir arası müddətin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaq”.
Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi “Azneft” İB-nin tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 neft və qazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Burada, həmçinin “Azneft” İB-nin neft və qazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur.