İQTİSADİYYAT
SOCAR: “Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır
Bakı, 12 may, AZƏRTAC
Xəbər verildiyi kimi, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş vermiş, nəticədə qaz təzahürü əmələ gəlmişdi.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar lazımi tədbirlər görülmüş, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınmışdı. Lakin sonradan, mayın 11-də təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlamışdır.
Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən, 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyə edilib.
Hazırda mütəxəssislərdən ibarət operativ qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.