İQTİSADİYYAT


SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib

Bakı, 19 sentyabr, AZƏRTAC

SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilib, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və SOCAR-ın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, “Şahdəniz-2” kimi layihələrin regional və qlobal əhəmiyyəti vurğulanıb, bu layihələrin sona yaxınlaşmasından və uğurlu təcrübəsindən bəhs olunub.

N.Turnava SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinin operatoru kimi uğurlu fəaliyyətindən ətraflı söz açıb, əməkdaşlığın perspektivlərindən danışıb. Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması, qoyulan sərmayələrin dəyərinin Azərbaycana qayıtması şərti ilə qarşılıqlı faydalı, optimal və effektli tərəfdaşlıq düsturu və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, SOCAR Gürcüstan bazarında 2006-cı ildən birbaşa fəaliyyət göstərir. Həmin il neftin qərb bazarlarına nəql edilməsi məqsədilə alınmış “Kulevi” neft terminalı və limanı əməliyyat fəaliyyətinə 2008-ci ildə başlayıb. İndiyədək terminaldan 23 milyon tondan çox neft və neft məhsulu ötürülüb. Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 113 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1500 işçi çalışır. “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.