CƏMİYYƏT
SOCAR Gürcüstanda yaşayan soydaşlarımız üçün daha bir uşaq bağçası tikir
Tbilisi, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda həyata keçirdiyi sosial layihələr çərçivəsində Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində yeni uşaq bağçasının inşasına başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də bağça binasının təməli qoyulub.
Mərasimdə “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, “Azərsu” ASC-nin məsul əməkdaşı İlham Quluyev, Kaxeti bölgəsinin qubernatoru İrakli Şioşvili, parlamentin deputatı David Sonqulaşvili, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 22 min nəfər əhalisi olan Yormuğanlı kəndində uşaq bağçasının tikintisi bütünlüklə “SOCAR Energy Georgia” tərəfindən həyata keçiriləcək və xeyriyyə məqsədilə dövlətə təhvil veriləcək. 160 yerlik uşaq bağçası beynəlxalq və Gürcüstanda müvafiq tikililər üçün müəyyən olunmuş standartların tələblərinə uyğun şəkildə inşa ediləcək.
Mərasimdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, eləcə də SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, SOCAR Gürcüstanda fəaliyyətə başladığı ilk gündən sosial layihələr həyata keçirir. Məktəb, idman kompleksləri, uşaq bağçaları tikib, istifadəyə verib. Sentyabrın 18-də şirkətin Laqodexinin Qabal kəndində inşa etdirdiyi uşaq bağçasının açılışı olub. Müəssisə xeyriyyəçilik əsasında Gürcüstan dövlətinə təmənnasız təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi