İQTİSADİYYAT


SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir

Bakı, 30 aprel, AZƏRTAC

2019-cu ildən etibarən SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş panellərinin quraşdırılması layihəsinə başlayıb. Son həftələrdə layihə çərçivəsində Tbilisi dənizi (su anbarı) üzərindəki yanacaqdoldurma məntəqəsi də günəş panelləri ilə təchiz edilib. Hazırda şirkətin iki yanacaqdoldurma məntəqəsi günəş enerjisi ilə fəaliyyət göstərir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, yanacaqdoldurma məntəqələrində günəş panellərinin layihələndirilməsi və quraşdırılmasına Almaniyanın “Sonnerschmied” şirkətinin mütəxəssisləri cəlb olunub və bu işlər vahid Avropa bazarı sertifikatının tələblərinə və beynəlxalq standartlara uyğun aparılır.

Tbilisi dənizi üzərindəki yanacaqdoldurma məntəqəsinin damında 200 kvadratmetr sahədə quraşdırılmış günəş panellərinin gücü 39,6 kilovatdır ki, bu da il ərzində 48 000 kilovat/saat enerji istehsalına imkan verir. Günəş panelləri yanacaqdoldurma stansiyasının enerji tələbatını ödəyəcək, elektromobillərin enerji ilə təchiz olunmasında, “Way Mart” pərakəndə satış mərkəzlərinin tələbatının ödənilməsində istifadə olunacaq və bununla da atmosferə atılan karbon qazlarının həcmi 28,7 ton azaldılacaq.

Hazırda şirkət bu istiqamətdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanlarını araşdırır. SOCAR-ın planlarına avtonom enerji tədarükü, elektromobillərin sürətli enerji təminatı, o cümlədən günəş enerjisi vasitəsilə təminatı üzrə şəbəkənin yaradılması daxildir.

Qeyd edək ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda bu cür genişmiyqaslı layihələrə start verən ilk şirkətdir.

SOCAR Gürcüstandakı fəaliyyətində korporativ sosial məsuliyyətin 5 əsas standartını – gənclərin inkişafı, qadın hüquqlarının müdafiəsi, yaşlılara və əlillərə yardım, əməyin təhlükəsizliyi və ekologiyanı əsas götürür. Şirkət qonşu ölkədəki YDM şəbəkəsinin elektromobillər üçün enerji yükləmə vasitələri ilə təchiz olunması sahəsində öncül rol oynayır. SOCAR, həmçinin Borjomidə yanğından sonra məhv olmuş meşələrin böyük hissəsinin bərpasında iştirak edib və 2 hektar sahədə ağac əkib. 2019-cu ildə Gürcüstan hökuməti ilə birgə Tbilisinin Varketili rayonunda ağacəkmə kampaniyasında yaxından iştirak edən SOCAR Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində daha böyük layihələrə imza atıb. Şirkət neftlə çirklənmiş ərazilərin və lay sularının təmizlənməsi, tullantıların utilizasiyası, səmt qazının atmosferə buraxılmaması kimi genişmiqyaslı fəaliyyətlərlə məşğul olur, hər il Abşeron yarımadasında 100 mindən çox ağac əkir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.