İQTİSADİYYAT
SOCAR: İstiqrazlar üzrə ödəniş öhdəliklərini icra etmək şirkət üçün hansısa maliyyə çətinliyi yaratmır
Bakı, 24 sentyabr, AZƏRTAC
SOCAR istiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir. SOCAR-ın Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, şirkət öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir. Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək şirkət üçün hansısa maliyyə çətinliyi yarada bilməz.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub, hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.
Xatırladaq ki, “Goldman Sachs və JP Morgan” investisiya bankı SOCAR-ın sahibi olduğu “SOCAR Turkey Enerji A.Ş.” şirkətini 2015-ci ildə 10 milyard ABŞ dolları məbləğində qiymətləndirərək, 13 faiz hissəsini 1,3 milyard dollara satın alıb. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün xarici kapital bazarlarında buraxılan 2,25 milyard dollarlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir.
Qeyd edək ki, SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1,5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52 mindən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq 100 faizi dövlətə məxsus bir şirkətdir. Eyni zamanda, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir.