İQTİSADİYYAT
SOCAR İsveçrədəki diler bazasını genişləndirir
Bakı, 18 sentyabr, AZƏRTAC
SOCAR İsveçrədəki diler bazasını genişləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.
“SOCAR beş il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub. Bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi “SOCAR” brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək 15 dilerlə tərəfdaşlıq əlaqələri qurub və bu ildən etibarən daha 5-10 dilerin “SOCAR” brendinə qoşulması gözlənilir. SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 169 yanacaqdoldurma məntəqəsindən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qazdoldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri “SOCAR” brendi altında fəaliyyətlərini davam etdirməkdədir”, - deyə hesabatda bildirilir.