CƏMİYYƏT
SOCAR: İtkin düşmüş 26 neftçinin axtarışları bütün gecə davam etdirilib YENİLƏNİB VİDEO
Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
Hazırda həm “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir. Axtarış-xilasetmə işləri bütün gecə aparılıb. Bu gün səhər saatlarından başlanılan axtarış əməliyyatlarına isə Fövqəladə Hallar Nazirliyinin əlavə 4 helikopteri, 3 yanğınsöndürən gəmisi, eləcə də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri və 5 axtarış gəmisi, ümumilikdə 6 helikopter və 8 gəmi cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də saat 11-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib. O deyib: “Neft daşları”nın ərazisində gedən axtarışlar 3 istiqamətdə - helikopterlər, gəmilər və geofizika dalğıc gəmisi ilə həyata keçirilir. Bu ərazidə 2 dalğıc qrupu işləyir. “28 May” neft və qazçıxarma idarəsində isə dalğıc qrupunun əvəzinə xüsusi avadanlıqlarla təchiz olunan gəmi ilə suyun altında axtarışlar aparılır. Bütün bunlara baxmayaraq axtarışlar hələ ki, nəticə verməyib.
Onun sözlərinə görə, platformadakı yanğının söndürülməsi istiqamətində işlər 24 saat davam etdirilir. Platformada yanğın qismən azalsa da hələ ki söndürülməyib. Artıq meydançada avadanlıqlar qurulub və işlər bu günün sonuna kimi yekunlaşacaq. Əraziyə yeni gəmi cəlb edilib və onun üzərində 1500-2000 kubmetr/saatadək su vurma qabiliyyəti olan nasos quraşdırılacaq.