ELM VƏ TƏHSİL
“SOCAR Polymer” 2019-cu il üzrə Yay Təcrübəsi proqramına başlayır
Bakı, 8 aprel, AZƏRTAC
“SOCAR Polymer” şirkəti 2019-cu il üzrə Yay Təcrübəsi proqramında iştirak üçün ərizə qəbuluna başlayıb. Gənclər “SOCAR Polymer”in Sumqayıtdakı polipropilen və yüksək sıxlıqlı polietilen (YSPE) zavodlarının istehsalat sahələrində və ya ofislərində təcrübə keçmək imkanı əldə edəcəklər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “SOCAR Polymer” yeni və bacarıqlı mütəxəssislərə dəstək olaraq, onlara gələcəkdə daha böyük fürsətlər əldə etmək üçün geniş imkanlar yaradacaq.
Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmin müddətdə təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə öz töhfələrini verəcəklər.
Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayacaq təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaqlar. Təcrübə proqramının əksər hissəsi iş yerlərində həyata keçiriləcək, lakin bununla yanaşı, digərləri ilə ünsiyyət qurma bacarıqlarına həsr edilən çoxsaylı təlimlər də təşkil olunacaq. Texniki ixtisaslar üzrə təcrübə keçən şəxslərin istehsalat obyektlərinə ziyarətləri daxil olmaqla təcrübə dövrü ərzində həm müxtəlif təlim kursları təşkil olunacaq, həm də mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar yaradılacaq.
Bu proqram mühəndis-texniki, informasiya texnologiyaları sistemləri, maddi-texniki təminat, layihələrin idarəetmə sistem və vasitələri, audit, maliyyə, mühasibat, kadr resursları, ictimai əlaqələr, logistika və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan gənclər üçün nəzərdə tutulub. Müvəffəqiyyətlə ali təhsil alan, ingilis dilində yaxşı oxuma-yazma bacarıqlarına malik olan və hazırda bakalavr səviyyəsinin son kurs tələbələri, habelə magistraturanın 1-ci və 2-ci kurs aspirantları bu proqramda iştirak etməyə dəvət olunurlar. Namizədlər öz karyera gözləntilərinə ən uyğun olan (bir və ya bir neçə) təcrübə sahəsi üzrə proqrama qatılmaq üçün ərizə verə bilərlər. Yay Təcrübəsi proqramına qatılmaq üçün www.socarpolymer.az saytının “Karyera-İstehsalat Praktikası Proqramı” bölməsində yerləşdirilmiş ərizə forması doldurularaq aprelin 30-dək təqdim olunmalıdır.