REGİONLAR
“SOCAR Polymer” Sumqayıtda Yay Təcrübə Proqramına start verir
Sumqayıt, 29 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
"SOCAR Polymer” 2021-ci ilin Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir.
Şirkətdən AZƏRTAC–a verilən məlumatda bildirilir ki, gənclər "SOCAR Polymer” şirkətinin Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksək sıxlıqlı polietilen zavodlarının istehsalat sahələrində və ya ofis məkanlarında təcrübə keçəcəklər.
Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.
Bu proqram istehsal əməliyyatları, mühəndislik, texnologiya, SƏTƏM, hüquq-müqavilə tərtibatı, informasiya texnologiyaları, planlaşdırma, maddi-texniki təminat, satınalma, kadr resursları və daxili audit sahələri üzrə təhsil, təlim və ya təcrübə axtarışında olan gənclər üçün nəzərdə tutulub.