İQTİSADİYYAT
SOCAR Qardabanidəki uşaq bağçalarını təbii qazla təmin edəcək
Tbilisi, 7 sentyabr, AZƏRTAC
SOCAR-ın Gürcüstan nümayəndəliyi Qardabanidə 9 uşaq bağçasını təbii qazla təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev “gaxa.ge” saytına məlumat verib.
S.Mirzəyevin sözlərinə görə, Gürcüstanda Azərbaycanlıların yığcam yaşadıqları Qardabani bələdiyyəsi ərazisində olan uşaq bağçaları təmir olunur. Uşaq bağçaları yeni dərs ilinin başlanğıcında uşaqların ixtiyarına veriləcək: “Bir çox kəndlərdəki uşaq bağçalarında, o cümlədən Candar, Lemşvaniera, Mzianeti, Nəzərli, Kalinin, Qaracalar və digər kəndlərdə uşaq bağçaları təbii qazla təmin edilməyib”.
O, həmin bağçaların təbii qazla təmin olunmasına köməklik göstərilməsi ilə bağlı SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova rəsmi məktubla müraciət edib.
M.Məmmədov deputatın müraciəti ilə əlaqədar Qardabanidə təmir olunan uşaq bağçalara baş çəkib və bu müəssisələrin təbii qazla təmin edilməsinə köməklik göstəriləcəyini bildirib. O, təmirdən sonra qısa müddət ərzində 9 uşaq bağçasına təbii qaz çəkiləcəyini deyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi