CƏMİYYƏT
SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir
Bakı, 6 aprel, AZƏRTAC
SOCAR Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birgə koronavirus pandemiyasına görə öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbəsinin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədilə dəstək fondu yaradıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlılığının təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına yardım əlini uzadır. Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatlarının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivi olan “SOCAR Turkey” vasitəsilə “Biz bize yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətəndaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birgə şirkətin həyata keçirdiyi dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq. Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borc bilirik. Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə Azərbaycan vətəndaşı COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir. Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb”.
R.Abdullayev qeyd edib: “Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınıb. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır, çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin – “Petkim”, “Star” neft emalı zavodu, “Petkim” Külək Elektrik Stansiyası, “SOCAR Depolama” və “SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayrılıb. Prezident İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən Azərbaycan vətəndaşlarına yardım etmək üçün fəaliyyət göstəririk. Sərmayələrimiz, müəssisələrimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik”.