İQTİSADİYYAT
SOCAR Ukraynada bir sıra sosial layihələr reallaşdırıb
Kiyev, 10 sentyabr, AZƏRTAC
“SOCAR Energy Ukraine” şirkəti Ukraynada sosial layihələrini, eləcə də koronavirusa qarşı mübarizə üçün xüsusi yardım aksiyasını davam etdirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, il ərzində əsas səylər COVID-19-un yayılmasına qarşı təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Bu istiqamətdə, Lvov, Odessa, Kiyev və Ternoıl bölgələrindəki regional xəstəxanaların həkimləri üçün EN 14126 Avropa standartındakı qoruyucu kostyumlar, fərdi qoruyucu vasitələr, 10 nömrəli Odessa Şəhər Klinik Xəstəxanası üçün ağciyərlərin infuziyası və havalandırılması üçün tibbi avadanlıqlar alınıb. Kiyevdəki tibb işçilərinin ehtiyacları üçün 10 min litr yanacaq ayrılıb.
Bundan əlavə, SOCAR Ukraynada xəstə uşaqlara kömək məqsədilə müxtəlif layihələri maliyyələşdirib. Erkən doğulmuş körpələri xilas etmək üçün tibbi avadanlıqların alınması üçün 400 min qrivnadan (1 dollar - 27,60 qrivna) çox vəsait toplanıb. Eyni zamanda, 200 min qrivna qan xərçəngi olan uşaqların diaqnozu və müalicəsi üçün lazım olan referans laboratoriyası üçün reaktivlərin alınmasına yönəldilib.
“SOCAR Blaqo Fondu”nun ayrıca bir əhəmiyyətli layihəsi Lvov şəhərində Milli Opera və Balet Teatrının qarşısındakı meydanın və musiqili fantanın yenidən qurulmasıdır. Layihə Azərbaycan xalqının Ukraynanın ən gözəl şəhərlərindən birinə hədiyyə olaraq düşünülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev