İQTİSADİYYAT
SOCAR-da 52 min 104 nəfər işçi çalışır
Bakı, 5 avqust, Nihad Budaqov, AZƏRTAC
Keçən ilin sonuna olan rəqəmlərə görə, SOCAR-da 52 min 104 nəfər çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, SOCAR neft, qaz və neft–kimya sənayesinin müxtəlif sahələri üzrə həm Azərbaycanın ərazisində, həm də beynəlxalq bazarda fəaliyyət göstərir. Ölkə ərazisində SOCAR neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, neft, qaz və neft–kimya məhsullarının daxili və xarici bazarlarda satışını həyata keçirir.
Ümumilikdə, 52 min 104 (2014–cü ildə 54 min 714) nəfər işçi qüvvəsinə malik olan SOCAR ölkənin ən böyük şirkəti olaraq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur. 2015–ci il üzrə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 4 zavod, 2 trest və 1 institut daxil olmaqla 25 struktur bölməsi fəaliyyət göstərir.
Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır. Hesabat ilində dünya bazarında neftin qiymətinin qeyri–stabil olmasına baxmayaraq SOCAR neft–qaz hasilatı və neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də ixrac öhdəliklərinə əməl edib.