İQTİSADİYYAT
SOCAR-da peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi və Sumqayıt Təlim Tədris Mərkəzində 2016-2017-ci tədris ili üzrə peşə təhsili alan şagirdlər üçün İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən “Karyera imkanlarından uğurla yararlanmaq”, “Şəxsi inkişaf” və “İşgüzar davranış keyfiyyətləri” mövzularında təlimlər keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə əsas məqsəd şagirdləri peşəkar iş mühitinə hazırlamaq, əmək bazarının dəyişən tələbləri ilə bağlı məlumatlandırmaq və onların sonrakı karyera inkişafına dəstək olmaqdan ibarətdir. Təlim müddətində SOCAR-ın etik dəyərləri, iş yerində münasibətlər, davranış keyfiyyətləri, əmək bazarının dəyişmə dinamikası və mövcud vəziyyət, iş axtarışında sosial şəbəkələrin rolu, elektron işə düzəltmə şirkətləri barədə məlumatlar, işə müraciət formalarının (CV) hazırlanması, müsahibələrdə uğur qazanmağın yolları və sair mövzularda ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlər təlimlərin təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, əldə etdikləri məlumatların onların karyera qurmalarına faydalı olacağına inandıqlarını söyləyiblər.
Bu cür təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulub.