İQTİSADİYYAT


SOCAR-ın “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında SOCAR-ın “2035-ci ilə kimi Korporativ Strategiya”sı qəbul edilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklininin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-a daha çoxşaxəli investisiya portfeli qurmaq imkanı verəcək.

İclas iştirakçıları, eyni zamanda, Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.

İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələlər ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.