ELM VƏ TƏHSİL
SOCAR-ın Bakı Ali Neft Məktəbinin 5 komandası “TEKNOFEST”in finalında
Bakı, 28 mart, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin təmsil olunduğu 5 komanda Türkiyənin ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı olan “TEKNOFEST”in final mərhələsinə vəsiqə qazanıb.
Bununla da BANM festivalda Azərbaycanı ən çox komanda ilə təmsil edən ali məktəb oldu.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, “ForestBerg”, “Yıl 2020”, “GreenPack” komandaları festivalın “Ətraf mühit və enerji texnologiyaları”, “Əkinçi” komandası “Kənd təsərrüfatı texnologiyaları”, “Zəngəzur” komandası isə “Maneəsiz yaşayış texnologiyaları” kateqoriyasında mübarizə aparacaq.
“ForestBerg” komandasına Əmir Rza Vəxşuri (BANM-in Kimya mühəndisliyi kafedrasının müdiri), “Yıl 2020”yə İlkin Balazadə (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi), “GreenPack”a İnci Mirzəzadə (BANM-in Kimya mühəndisliyi kafedrasının böyük laborantı), “Əkinçi”yə Farad Kamyabi (BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri), “Zəngəzur”a Aygül Musayeva (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi) elmi rəhbərlik edir.
Eyni zamanda, “TEKNOFEST”in finalına vəsiqə qazanan “Azerbaijan Engineers Union” komandasında Bakı Ali Neft Məktəbinin tələbələri də təmsil olunur.
“TEKNOFEST” Türkiyə festivalı aprel-may aylarında Türkiyədə keçiriləcək.