ELM VƏ TƏHSİL


SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələbələr təltif olunub

Bakı, 19 noyabr, AZƏRTAC

“SOCAR Tower”də Dövlət Neft Şirkətinin Azərbaycan gənclərinin inkişafı üçün həyata keçirdiyi Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Firudin Qurbanov, şirkət rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları iştirak edib.

Tədbir SOCAR-ın gənclər siyasətinə həsr edilmiş filmin nümayişi ilə başlayıb.

SOCAR 2005-ci ildən etibarən Azərbaycanda gənc mütəxəssislərin təhsil və inkişafına töhfə olaraq Daxili Təqaüd Proqramını həyata keçirir. Bu müddət ərzində proqram üzrə 23 mindən çox müraciət olub, onlardan 2 min 65 tələbə SOCAR-ın təqaüdünü qazanıb. 2017-2018-ci illər üzrə Daxili Təqaüd Proqramına müraciət edən 1900-ə yaxın tələbədən 77-si uğur qazana bilib.

SOCAR-ın prezidenti R.Abdullayev deyib: “Gələcəkdə bizi texnoloji cəhətdən daha mürəkkəb, böyük elm tutumlu işlər gözləyir. Bu ildən Azərbaycan və Türkiyədə əsas layihələrimizin başa çatması SOCAR-da bacarıqlı və müasir təfəkkürlü gənc mütəxəssislərə ehtiyacı daha da artırır. Biz gənc mütəxəssislərlə fəal əməkdaşlıq etməkdə maraqlıyıq və onları bu konsepsiyanın dayaq sütunu kimi görürük. Bu istiqamətdə həyata keçirdiyimiz bütün işlər, müxtəlif təqaüd proqramları, təlim və təcrübə kursları məhz gənclərin inkişafımızın mühərrikinə çevrilməsinə xidmət göstərir”.

Tədbirdə təhsil nazirinin müavini F.Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış edərək SOCAR-ın təqaüd proqramlarının bu sahədə oxuyan gənclər üçün xüsusi stimul verdiyini qeyd ediblər.

Daxili Təqaüd Proqramının qalibi olmuş gənclər adından çıxış edənlər SOCAR-ın təqaüd proqramlarının tələbələr arasında böyük rəğbət qazandığını qeyd edib, yaradılan şəraitə görə şirkətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, SOCAR Daxili Təqaüd Proqramı ilə yanaşı 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramı, 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-ə yaxın gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək şirkətin strukturlarında işlə təmin olunub. SOCAR tərəfindən gənc kadrlar üçün sosial güzəştlər sistemi işlənib hazırlanıb: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, eləcə də uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.