İQTİSADİYYAT
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma işləri davam edir
Bakı, 22 may, AZƏRTAC
Ölkəmizin daha yüksəkkeyfiyyətli yanacaqla təmin olunması məqsədilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya və yenidənqurma işləri davam edir.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində razılaşdırılmış plana əsasən, NEZ-də həyata keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq aprelin 4-dən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb. Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.
NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir. Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər.