İQTİSADİYYAT
SOCAR-ın İnsan Resursları Departamentində növbəti təlim-seminar təşkil edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
SOCAR-da İnsan Resursları Departamentinin təşkilatçılığı ilə həyata keçirilən “SAP HCM həlləri əsasında insan resursları funksiyalarının transformasiya Proqramı” çərçivəsində insan resursları funksiyalarının tam avtomatlaşdırılması nəzərdə tutulur. Layihə ilə əlaqədar SOCAR-ın müəssisə və təşkilatlarının kadrlar şöbələrinin rəisləri, eləcə də aparıcı mütəxəssisləri üçün departament tərəfindən növbəti təlim-seminar təşkil olunub.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti il üçün səriştəliklərin inkişaf ehtiyaclarının müəyyən edilməsi məqsədilə tətbiq olunan yeniliklər və dəyişikliklərlə əlaqədar keçirilən seminarda 2017-ci il üzrə SOCAR-ın idarə və müəssisələrinin inkişaf etdirilməsinə ehtiyac olan səriştəliklərin müəyyən edilməsinin forma və üsulları, növbəti ilə dair tələbnamə formasında tətbiq edilən yenilik və dəyişikliklər barəsində ətraflı məlumat verilib.
Bildirilib ki, yeniliklərdə əsas məqsəd təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunan işçilər üçün seminarların məqsədyönlüyünə nail olmaqdır. Əvvəlki illərdən fərqli olaraq, bu il təlim iştirakçılarına səriştəliklərinin inkişaf etdirilməsinə ehtiyacı olan SOCAR-ın əməkdaşlarının adlı siyahı üzrə müəyyənləşməsi, tələbnamədə qeyd olunan tələbatın əsasları, təlimin prioritetliyi və inkişaf metodları ilə bağlı təlimat qaydaları izah edilib.
Qeyd olunub ki, SOCAR-da kadr siyasətinin uğurla həyata keçirilməsinə dəstək məqsədilə bu tip maarifləndirici seminarlar bundan sonra da davam etdiriləcək.
Sonda iştirakçıların tələbnamə formasına edilmiş dəyişikliklər və təlim ehtiyacının toplanması ilə bağlı sualları ətraflı cavablandırılıb.