İQTİSADİYYAT
SOCAR-ın Təqaüd Proqramı üzrə xaricdə təhsil almış daha 4 nəfərə şirkətdə iş yerləri təklif edilib
Bakı, 20 iyun, AZƏRTAC
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.
İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və İsveçrə universitetlərində neft, kimya mühəndisliyi, biznesin idarə edilməsi ixtisasları üzrə magistr və bakalavr təhsilini başa vuran 4 məzunun hesabat xarakterli təqdimatı dinlənilib. Məzunlar, həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilib. İclasda, həmçinin 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 6 iddiaçının namizədliyinə də baxılıb.
Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 24 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 255 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar.