İQTİSADİYYAT
SOCAR-ın Tullantı Mərkəzində Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə müzakirələr aparılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzində Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə müzakirələr aparılıb.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, müzakirələr QSC-nin xidmət göstərdiyi SOCAR-ın Tullantı Mərkəzində Almaniya Federativ Respublikasının “ECON Industries Gmbh” və Birləşmiş Ərəb Əmirliklərinin “EMDAD” şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə baş tutub. Görüşdə Tullantı Mərkəzinin rəisi Orxan Qəndilov, SOCAR-ın Ekologiya İdarəsinin nümayəndəsi, “ECON Industries Gmbh” şirkətinin biznesin inkişafı üzrə direktoru Yoakim Fişer və “EMDAD” şirkətinin şlam üzrə servis departamentinin meneceri Fady Saleh iştirak ediblər.
Görüş zamanı Tullantı Mərkəzində “ECON Industries Gmbh” şirkətinin quraşdırdığı “Vacu Dry” qurğularının effektivliyi müzakirə olunub, Birləşmiş Ərəb Əmirliklərində mövcud oxşar texnologiyalar barədə məlumat alınıb və təcrübə mübadiləsi aparılıb.
Daha sonra mərkəzin sahəsi ilə ümumi tanışlıq və eləcə də “Vacu Dry” qurğularına baxış keçirilib. Baxış zamanı ümumilikdə “Vacu Dry” qurğularının iş prinsipləri və Tullantı Mərkəzi barədə ətraflı məlumat verilib.