İQTİSADİYYAT
SOCAR-ın Tullantı Mərkəzindən 676,5 kubmetr çirkab suları daşınıb
Bakı, 18 avqust, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin nəqliyyat sexi cari ilin ikinci rübündə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən 676,5 kubmetr axıntı çirkab suları daşıyıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, rüb ərzində nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən 676,5 kubmetr axıntı çirkab sularının və Ekologiya İdarəsinin laboratoriyasında formalaşan 10 kubmetr neftli-kimyəvi tərkibli suyun daşınması işləri həyata keçirilib. “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin mədən ərazilərindən 5 min 372 kubmetr , “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma İdarəsinin ərazisindən 1419 kubmetr, Bibiheybət Gəmi Təmiri zavodundan 202 kubmetr mədən axıntı suları daşınıb. Həmçinin su daşıyan nəqliyyat vasitəsilə QSC-nin torpaqların rekultivasiyası departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi) yaşıllıqların suvarılmasına 240 kubmetr, tullantıların emalı departamentinin (TED) Dübəndi sahəsinə 30 kubmetr, 6-cı sahəsinə isə 80 kubmetr su daşınıb.
TRD-in 1-ci sahəsi üzrə yaşıllıqların suvarılmasına 145 kubmetr su, 12 kubmetr peyin, 1200 ədəd ağac və müxtəlif növ bəzək kolları daşınıb. Departamentin 2-ci sahəsi üzrə 840 kubmetr çirkab su sahədən çəkilib, 40 kvadratmetr sahə hamarlanıb, 20 kubmetr müxtəlif tərkibli tullantılar sahədən kənarlaşdırılıb.
Avtomobillər vasitəsilə TRD-nin və TED-in istehsalat sahələrinə, Tullantı Mərkəzinə davamlı mal-materiallar, istehsalat avadanlıqları daşınıb. Eləcə də TED-in 4-cü, 5-ci və 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsi) “Alfa Laval” şirkətinin dekanter qurğularının fəaliyyəti nəticəsində formalaşan torpaqlar yükləyici vasitəsilə, özüboşaldan nəqliyyatlara yüklənərək xüsusi ərazilərə daşınıb. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat və xüsusi texnikalar tələbata uyğun təmin edilib.