İQTİSADİYYAT


SOCAR-ın Türkiyədə quracağı yeni neft-kimya kompleksi 1,6-2 milyard dollara başa gələcək

Bakı, 2 oktyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Türkiyədə quracağı yeni neft-kimya kompleksi 1,6-2 milyard dollara başa gələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR Turkey Enerji A.Ş.”ın (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

Z.Qəhrəmanov əlavə edib ki, neft-kimya sahəsində qurulacaq ikinci zavod üzrə bütün mühəndis işləri başa çatıb. Bir neçə ay ərzində tenderlər keçiriləcək və yekun təkliflər alınacaq: “Gələn ilin birinci rübündə son investisiya qərarı qəbul olunacaq və sərmayə qoyuluşuna başlanacaq. İkinci “Petkim”in (yeni neft-kimya kompleksinin) dəyəri 1,6-2 milyard dollar olacaq. Bu zavod Türkiyənin hazırkı 1 milyon tonluq təmiz tereftal turşusu (PTA) idxalını sıfıra endirəcək. Eyni zamanda, pareksilen (PX) məhsulların idxalı 800 min ton azalacaq. Zavodun 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır”.

Qeyd edək ki, SOCAR-ın Türkiyədə inşa edəcəyi yeni neft-kimya kompleksi layihəsinin texniki-iqtisadi əsaslandırması 2019-cu ilin aprelində başa çatacaq, iyunda isə tikinti işlərinə başlanacaq.

SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.