İQTİSADİYYAT


SOCAR-ın Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında sonuncu planlı sınaq işləri həyata keçiriləcək

Bakı, 29 yanvar, AZƏRTAC

SOCAR-ın Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında sonuncu planlı sınaq işləri həyata keçiriləcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Maire Tecnimont” şirkətlər qrupunun sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsasən Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi və “SOCAR Polymer” layihələri haqqında fikir mübadiləsi aparılıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi prosesində “Maire Tecnimont” şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir. Modernləşdirilmənin bu hissəsi üzrə ilkin iş həcminin artıq 63 faizi yekunlaşıb. Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Bildirilib ki, hazırda “Maire Tecnimont”un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.

Qeyd olunub ki, SOCAR-ın rəhbərliyi Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış “SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə, optimallaşdırılmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə “Star” neft emalı zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək “SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernləşdirilməsində podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar.

Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də moderinizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur.

SOCAR-ın prezidenti R.Abdullayev vurğulayıb ki, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanıb.

Görüşdə, həmçinin başa çatmış “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilib. Bildirilib ki, sınaq işləri SOCAR və “Maire Tecnimont” mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.