İQTİSADİYYAT
SOCAR-ın idarə və müəssisələrində Neftçilər gününə həsr olunan tədbirlər keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyində keçirilmiş tədbirdə birliyin baş direktoru Daşqın İskəndərov və digər rəhbər işçilər, müəssisələrin nümayəndələri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Neftçilər günü münasibətilə keçirilən tədbirdə müəssisənin və “BOS-Şelf” MMC-nin rəhbərliyi, zavod əməkçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, zavodun direktoru Roman Nağıyev əlamətdar gün münasibətilə kollektivin üzvlərinə xoş arzularını çatdırıb. Qeyd olunub ki, ölkəmizin qazandığı uğurlar ildən-ilə artır, beynəlxalq neft-qaz layihələri uğurla icra olunur. Bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilərək yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin gələcək uğurlarından xəbər verir.
“BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir neft-qaz siyasətinin nəticələrindən, əldə olunan uğurlardan danışıb. Qeyd olunub ki, bu günlərdə imzalanan yeni Saziş ölkə iqtisadiyyatının daha da dinamik inkişafı üçün yeni imkanlar yaradacaq.
Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Neftçilər günü peşə bayramı Qaz Emalı Zavodunda əmək uğurları və bayram tədbirləri ilə qeyd edilib. Əvvəlcə müəssisənin kollektivi ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstünün və Qarabağ uğrunda şəhid olan neftçilərin abidəsi önünə gül dəstələri qoyub, onların əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Bayram münasibətilə ötən həftədən başlayan idman yarışlarının finalları keçirilib, qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb, xüsusi fərqlənmiş işçilərə Fəxri fərman və hədiyyələr təqdim olunub.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Neftçilər gününə həsr olunan tədbirdə idarənin peşə-təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər. İdarənin rəisi Fuad Süleymanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının ölkəmizin parlaq inkişafına verdiyi töhfələrdən, şirkətin həyata keçirdiyi qlobal layihələrdən danışıb.
Tədbirdə TTSİ-nin əməkdaşları Dünyamalı Pənahov və Fərid Babayevə SOCAR-ın Fəxri fərmanları təqdim olunub. Bundan başqa, TTSİ-nin fəaliyyətində xüsusi əməyi ilə fərqlənən əməkdaşlara idarənin Fəxri fərmanları verilib.
Peşə bayramı SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçə və Tullantıların İdarəolunması Departamentində də qeyd edilib. Tədbirdə çıxış edən İdarənin rəisi Azər Əliyev Neftçilər günü münasibətilə əməkdaşları təbrik edib. O qeyd edib ki, idarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində aparılan neft-qaz əməliyyatlarında ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyinin təmin olunması, bioloji müxtəlifliyin qorunması, texnogen təsirlərin minimuma endirilməsi məqsədilə müasir standartlar səviyyəsində ekoloji xidmətlərin göstərilməsi bundan sonra da davam etdiriləcək.