İQTİSADİYYAT
SOCAR-ın nümayəndə heyəti Tatarıstan Neft, Qaz və Kimya Forumunda iştirak edir
Bakı, 3 sentyabr, AZƏRTAC
SOCAR-ın nümayəndə heyəti Kazanda Tatarıstan Neft, Qaz və Kimya Forumunda iştirak edir.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Tatarıstan Neft, Qaz, Kimya Forumu Rusiyanın neft, qaz və kimya sənayesi sahəsində ən iri tədbirlərindən biridir. Rusiya Federasiyası (RF) Prezidentinin, Rusiya Sənaye və Ticarət Nazirliyinin, RF Təbii Sərvətlər və Ekologiya Nazirliyinin, habelə Tatarıstan hökumətinin dəstəyi ilə keçirilən bu forumun təşkilatçıları Tatarıstan Sənaye və Ticarət Nazirliyi, “Tatnefteximinvest-holdinq” Açıq Səhmdar Cəmiyyəti (ASC), “Tatneft” ASC, “TAİF” ASC, “Neftekonsorsium” Qapalı Səhmdar Cəmiyyəti və Tatarıstan Elmlər Akademiyasıdır.
Tatarıstan Neft, Qaz və Kimya Forumunun təntənəli açılışında Tatarıstan Prezidenti vəzifələrini müvəqqəti icra edən Rüstəm Minnixanov və Başqırdıstanın başçısı Rüstəm Xamitov iştirak ediblər.
Bu il forumda 200-dən çox şirkət, o cümlədən Rusiyanın müxtəlif regionlarından 130-dan çox müəssisə, Tatarıstanın 50-dən çox müəssisəsi, habelə dünyanın 10 ölkəsindən – Azərbaycan, Çin, Danimarka, ABŞ, Polşa, Çexiya, Almaniya, Avstriya, Belarus və Hindistandan 16 şirkət iştirak edir.
Forumda ölkəmizi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) təmsil edir. Nümayəndə heyətinə SOCAR-ın baş ofisinin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev başçılıq edir. SOCAR-ın stendi qarşısında Rüstəm Minnixanova dərinliyi 7 kilometrdən çox olan quyu barədə məlumat verilərək bildirilib ki, bu, Xəzər dənizində ən dərin quyudur. “Tatneft” gələn yay Azərbaycanda keçiriləcək foruma dəvət olunub.
Tatarıstan Neft, Qaz və Kimya Forumu çərçivəsində 3 tematik ixtisaslaşdırılmış sərgi, 6 elmi-praktiki konfrans, o cümlədən “Neft, qaz. Neft kimyası-2015” Beynəlxalq sərgisi, “Qeyri-ənənəvi” karbohidrogen yataqlarının kəşfiyyatının və işlənməsinin xüsusiyyətləri” və “Neft, qaz və kimya kompleksinin inkişafının perspektiv istiqamətləri” mövzularında beynəlxalq elmi-praktiki konfranslar keçiriləcək.
Forum çərçivəsində ilk dəfə “İnterplastik. Kazan” birinci Beynəlxalq ixtisaslaşdırılmış plastik kütlə və kauçuk sərgisi keçirilir. Forum çərçivəsində Tatarıstanda istehsal edilən neft-kimya məhsullarının əsaslı tikintidə və yol tikintisində istifadə olunması məsələlərinə dair “dəyirmi masa”lar da nəzərdə tutulub.
Tatarıstan Respublikası Prezidenti vəzifələrini müvəqqəti icra edən Rüstəm Minnixanov açılış mərasimində çıxışında deyib: “Biz bu forumu artıq 22-ci dəfə, ənənəvi olaraq Neft-Qaz Sənayesi İşçiləri Günü ərəfəsində keçiririk. Tatarıstan və Başqırdıstan kimi respublikalar üçün neft, qaz və kimya kompleksi şəksiz ki, iqtisadiyyatın əsasıdır”.
Tədbirə göstərdikləri diqqətə görə forumun iştirakçılarına və qonaqlarına təşəkkür edən R.Minnixanov deyib: “Burada təqdim olunan yeni texnologiyalar və aktual məsələlərin müzakirəsi ölkəmizin bütün neft və neft, qaz və kimya sənayesi üçün çox əhəmiyyətlidir”.