İQTİSADİYYAT


SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq məqsədilə Neft Daşlarına səfər edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti neft və qazçıxarma idarələrinin (NQÇİ) rəhbər şəxslərinin məruzəsini dinləyib.

“Əslində mən gündə bir neçə dəfə dəniz obyektlərimizdən məlumat alıram. Nə qədər məlumatlı olsam da və hər şeyin yaxşı olduğuna inansam da, vəziyyətlə şəxsən tanış olmaq üçün bu gün sizinlə görüşmək istədim. Gəldim ki, hər şeyi yerində, öz gözlərimlə görüm və bir daha əmin olum ki, uzadılmış növbə rejimində işçilər üçün hər cür şərait yaradılıb. Mən uzadılmış növbə rejiminin nə qədər çətin olduğunu bilirəm. Xüsusilə özüllərdə 15 gündən çox qalmaq çox çətindir. Amma təşəbbüsün sizin tərəfdən gəlməsi çox təqdirəlayiqdir. Sizin bu təşəbbüsünüz alqışlanmalıdır. Gündə 400 işçi dəniz obyektlərinə işə gətirilir. Karantin keçməmiş və virusa yoluxmuş bir nəfər də çox böyük risk idi. Amma indi biz artıq bütün hazırlıqları gördük və aprelin 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək. Sizə bu fədakarlığınıza görə təşşəkür edirəm. Bu gün ön cəbhədə olan həkimlərimiz, polislərimiz, əsgərlərimiz kimi siz neftçilər də çox mühüm və həyati əhəmiyyətli fəaliyyətinizlə qəhrəmanlıq nümunəsi göstərirsiniz. İnanıram ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız tez bir zamanda pandemiya təhlükəsini dəf edəcək və birliyimiz, həmrəyliyimiz sayəsində çətinliklərə qalib gələcək. Neftçilərimiz onlara bəslənən etimadı həmişə olduğu kimi öz işləri ilə doğruldacaq, bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaqlar”, - deyə R.Abdullayev bildirib.

SOCAR-ın prezidenti Neft Daşlarında istehsalat sahələrinə baxış keçirib, neftçilərin güzəranı və məişət şəraiti ilə yaxından tanış olub.

Dəniz platformalarında koronavirusun yayılmasına yol verməmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 101-ci maddəsinə, SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarına əsasən, SOCAR-ın dəniz obyektlərində növbə metodlu iş rejimi ilə çalışan işçilərinin iş qrafiklərində dəyişiklik edilərək 15 günlük iş rejimi ilkin olaraq 1 ay müddəti ilə əvəz edilib, daha sonra isə 2 aylıq iş rejimi müəyyən olunub. Şirkətin dəniz obyektlərindəki bütün istehsalat sahələrində və inzibati binalarında mütəmadi dezinfeksiya işləri aparılır. Həmçinin işçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanıb və işçilər arasında yayılıb. Bütün iş sahələrində əməkçilərlə maarifləndirici söhbətlər aparılıb və bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı, SOCAR-ın müəyyən edilmiş işçiləri, xüsusilə aidiyyəti rəhbər işçiləri bayram günlərində iş başında olublar. SOCAR-ın fəaliyyət sahələrində, o cümlədən dəniz obyektlərində istehsalat əməliyyatları tam gücü ilə davam edir və şirkətin strukturlarında epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.