İQTİSADİYYAT
SOCAR-ın prezidenti Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən XIV “Türkmənistanın nefti və qazı 2019” sərgi və konfransında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfrans panelində çıxış edib, son 2 ildə Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən imzalanmış birgə bəyanatların əhəmiyyətini vurğulayıb, iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yeni impulsun verildiyini deyib.
Bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirib. Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən R.Abdullayev Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib.
SOCAR-ın prezidenti rəsmi səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov ilə görüşüb, Türkmənistan ilə neft və qaz sənayesində perspektivli əməkdaşlıq imkanlarını müzakirə edib.
SOCAR konfransda həmtəşkilatçı qismində iştirak edib, həmçinin sərgidə geniş təqdimatla təmsil olunub. “Türkmənistanın nefti və qazı” beynəlxalq konfransı ölkənin dövlət qurumları ilə beynəlxalq neft və qaz şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə hər il Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.