İQTİSADİYYAT
SOCAR-ın yanacaqdoldurma məntəqəsində özünəxidmət avtomobillərin diaqnostika kiosku fəaliyyətə başlayıb
Bakı, 22 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanın gənc startapı olan “CarDoctor” öz fəaliyyətinin davamı kimi “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə əməkdaşlıq çərçivəsində yeni innovativ məhsul təqdim edib. Bakıdakı “SOCAR” brendi ilə fəaliyyət yanacaqdoldurma məntəqəsində (YDM) “CarDoctor-Selfservice” ilk özünəxidmət avtomobillərin diaqnostika kiosku fəaliyyətə başlayıb.
QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli AZƏRTAC-a bildirib ki, ilk kiosk Bakı-aeroport yolu istiqamətində yerləşən “SOCAR PETROLEUM”a məxsus 2 nömrəli yanacaqdoldurma məntəqəsində nəqliyyat vasitələri sahiblərinin istifadəsinə verilib. Bu pilot layihə əsasında diaqnostika kiosku gələcəkdə SOCAR-ın bütün yanacaqdoldurma məntəqələrində quraşdırılaraq sürücülərin istifadəsinə veriləcək.
Universal avtodiaqnostika cihazı 400 modeldən çox minik və yük avtomobilləri üçün nəzərdə tutulub. Kiosk hazırda nağd pul qəbul edir, lakin gələcəkdə kontaktsız bank kartları və mobil telefonlar üzərindən də ödəniş etmək mümkün olacaq. Eyni zamanda, kiosklar nəqliyyat vasitələrinin texniki pasportlarının skaneri ilə təchiz olunacaq.
Kiosk vasitəsilə avtomobillərdə ortaya çıxacaq texniki nasazlıqların yerindəcə sürücülərə təqdim olunması və nəqliyyat vasitələri sahiblərinin rahat şəkildə öz yollarına davam etmələri mümkün olacaq. Belə ki, avtomobildə ortaya çıxacaq olan texniki nasazlıqlar haqqında məlumat dərhal aşkar edilir, silinir və çap olunaraq avtomobil sahibinə çatdırılır. Bununla da avtodiaqnostika terminalı avtomobil sahibinə müstəqil olaraq öz nəqliyyat vasitəsini ilkin müayinə etmək imkanı yaradır.
Diaqnostika üçün xidmət haqqı 10 manat müəyyən edilib. Lakin, bu ilin sonuna qədər xidməti test etmək istəyən sürücülərə 50 faizlik endirim təqdim olunur.
Yeniliyin ilk dəfə Azərbaycanda tətbiq olunduğunu nəzərə alaraq, terminal artıq Rusiya, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan olan iş adamlarının da marağına səbəb olub.
“SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində quraşdırılmış avtodiaqnostika terminalının texniki xarakteristikaları, istifadə qaydaları və digər əlavə məlumatları www.cardoctor.az internet səhifəsindən əldə etmək mümkündür.