İQTİSADİYYAT
SOCAR istiqrazları Bakı Fond Birjasında əsas bazar seqmentində listinqə daxil edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 100 min, qiymətli kağızların ilkin ticarət qiyməti 1000 ABŞ dollarıdır. "PSG-Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.
İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 5 faiz, faiz ödənişi dövrü 3 aydır.
SOCAR istiqrazları ilk dəfə olaraq Azərbaycanda – Bakı Fond Birjasında yerləşdiriləcək. İstiqrazların BFB-də kütləvi təklif qaydasında yerləşdirilməsi ilk dəfə olaraq abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
SOCAR istiqrazlarına abunə yazılışı 20 sentyabr – 10 oktyabr tarixlərində, yerləşdirilməsi isə oktyabrın 13-14-də BFB-də olacaq. Abunə yazılışı və yerləşdirilmə qiymətli kağızların ticarəti, ticarət sonrası əməliyyatları və bazara nəzarəti üzrə vahid platforma olan Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi (CETA) üzərindən həyata keçiriləcək.
İstiqrazların buraxılış şərtləri ilə daha ətraflı istiqrazların emissiya prospektində tanış olmaq mümkündür. İstiqrazların emissiya prospekti BFB-nin internet saytının emitentlərin məlumat bazası bölməsində (http://bfb.az/emitentler/) yerləşdirilib. İstiqrazlar barədə əlavə məlumat emitentin www.socaristiqraz.az internet saytından, eləcə də BFB-nin üzvləri olan investisiya şirkətlərindən əldə etmək olar.