İQTİSADİYYAT
SOCAR istiqrazları rekord qiymətə satılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Növbəti faiz ödənişinə bir aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR istiqrazları rekord qiymətə satılıb.
SOCAR istiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 5-də istiqrazların satışı 1032 dollardan gerçəkləşib. Bu, buraxıldığı gündən indiyədək SOCAR istiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir. İstiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5 faiz, faiz ödənişi isə hər 3 aydan birdir. Bu qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi gələn il yanvarın 17-də həyata keçiriləcək.
İstiqrazların başlıca üstünlüyü SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin daim qrafikə uyğun aparılmasıdır. SOCAR istiqrazlarının sahibləri istiqrazlarını girov qoymaqla dollarda illik 5 faiz olan gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.