İQTİSADİYYAT
SOCAR istiqrazları təkrar bazara çıxarılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
SOCAR istiqrazlarının satışı yekunlaşıb və təkrar bazara çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 18-də SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı mətbuat konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Rövnəq Abdullayev ilk öncə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik edərək deyib ki, Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən cəmi 25 il ötməsinə baxmayaraq, təməli ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uzaqgörən və müdrik siyasi kursun nəticəsi olaraq ölkəmiz sürətlə inkişaf edir. SOCAR prezidenti bildirib ki, SOCAR istiqrazlarının buraxılmasında başlıca məqsəd həyata keçirilən bu uğurlu siyasətin tərkib hissəsi kimi, Azərbaycan Kapital Bazarının inkişafına töhfə vermək və bu İstiqrazların Təkrar Bazarda tədavülü tarixinin də məhz Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə üst-üstə düşməsi SOCAR üçün xüsusi önəm kəsb edir.
Rövnəq Abdullayev sentyabrın 20-dən oktyabrın 10-na kimi satışa çıxarılan SOCAR istiqrazlarının uğurlu satış nəticəsi ilə bağlı media nümayəndələrinə ətraflı məlumat verərək bildirib ki, emissiya prospektində də olduğu kimi, satışlarda ilk üstünlük fiziki şəxslərə, yəni vətəndaşlarımıza verilib və sevindirici haldır ki, verilən sifarişlərin 90 faizindən çoxu vətəndaşlarımıza aid olub. Cəmi 100 milyon ABŞ dolları məbləğində buraxılan SOCAR istiqrazlarına 203 milyon dollardan artıq sifariş gəlib, bu da investorlar tərəfindən istiqrazlara tələbin 2 dəfədən artıq olduğunun göstəricisidir. Daxili Kapital Bazarının inkişafı ilə bağlı da fikirlərini bölüşən R. Abdullayev vurğulayıb ki, SOCAR istiqrazlarının yerli investorlar tərəfindən belə böyük maraq və tələbatla qarşılanması ölkəmizin daxili kapital bazarının gələcək inkişafı üçün olduqca müsbət rəy formalaşdırır.
SOCAR prezidenti oktyabrın 14-də Bakı Fond Birjasında SOCAR istiqrazlarının yerləşdirildiyini və 5 il müddətində, yəni 2021-ci ilədək təkrar bazarda tədavülünün davam edəcəyini, bu müddət ərzində də təyin etdiyi marketmeyker vasitəsilə SOCAR-ın bazarda daim tənzimləyici və alıcı qismində iştirak edərək, buraxdığı istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən (1000 dollar) alacağını diqqətə çatdırıb. Eyni zamanda, Rövnəq Abdullayev bildirib ki, artıq ikinci bazar əməliyyatlarına start verilib, odur ki, yerli investorlarla bərabər xarici ölkə vətəndaşları və hüquqi şəxsləri də SOCAR istiqrazlarını ikinci bazardan əldə edə bilərlər. Bunun üçün heç bir əngəl yoxdur.
Mətbuat konfransında iştirak edən Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Araz Əliyev, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu 20 günlük sifariş müddətində vətəndaşların və yerli hüquqi şəxslərin SOCAR istiqrazlarına göstərdiyi böyük maraqdan danışıb, eyni zamanda bu buraxılışın Azərbaycan Kapital Bazarını stimullaşdıraraq, daha böyük uğurlara vəsilə olacağına inandıqlarını qeyd ediblər.