İQTİSADİYYAT
SOCAR istiqrazlarına tələbat kəskin artıb
Bakı, 24 noyabr, AZƏRTAC
SOCAR istiqrazlarına tələbat kəskin artıb.
İstiqrazların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qiymətli kağızlar bazarında ciddi qiymət artımı qeydə alınıb. Ölkədə ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti kəskin yüksələrək 1010 dolları keçib. Hazırda birjada SOCAR istiqrazlarının alış qiyməti 1004,80 dollar, satış qiyməti isə 1010 dollardır. Bu göstərici həftənin əvvəlindəki qiymətlərdən xeyli yüksəkdir. Belə ki, noyabrın 20-də SOCAR istiqrazlarının alış qiyməti 1003,2 dollar, satış qiyməti isə 1007,6 dollar idi.
Xatırladaq ki, hazırda SOCAR istiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1010 dollardan aşağı satmaq istəmirlər.
İstiqrazların qiyməti adətən ödəniş tarixinə az müddət qalanda bu həddə çatırdı. İndi isə faiz ödənişinə hələ 2 aya yaxın müddət qaldığı halda, qiymətlər yüksəlməkdədir.
“Bahalaşmaya səbəb istiqrazlara tələbatın kəskin artmasıdır, bazardakı təklif bu tələbi qarşılaya bilmir. Hazırda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən istiqrazların alışı üzrə çoxsaylı təkliflər var. Amma təkrar bazardakı təkliflər bu tələbi qarşılaya bilmir”, - deyə “PSG Kapital”dan bildirilib.
İstiqraza tələbatın artmasının bir neçə səbəbi var. Əvvəla, kağızların buraxılmasından keçən bir il ərzində istiqrazlar üzrə faizlər qrafik üzrə vaxtında ödənilib. Bu dövrdə istiqraz sahibləri 5 milyon dollar qazanc götürüblər.
Digər səbəb, istiqrazların hazırda bazarda ən yaxşı şərtlər təklif etməsidir. Nominal qiyməti 1000 dollar olan, dollarla illik 5 faiz gəlir gətirən SOCAR istiqrazları, digər alətlərdən daha çox qazanc təmin edir.
SOCAR-ın tətbiq etdiyi geri alma zəmanəti sayəsində isə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə pula çevirmək mümkündür.
Qeyd edək ki, nəinki Azərbaycanda, hətta region ölkələrində heç bir qiymətli kağız üçün belə zəmanət mövcud deyil. Bütün bunlar qiymətli kağızlara marağın və qiymətlərin yüksəlməsi ilə nəticələnib.
Xatırladaq ki, istiqrazlar üzrə növbəti faiz ödənişi 2018-ci ilin əvvəlində olacaq.