İQTİSADİYYAT


SOCAR istiqrazlarının sahibləri 16 milyon dollardan çox qazanc əldə edib

Bakı, 17 yanvar, AZƏRTAC

Vətəndaşlar və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR istiqrazları yanvarın 17-də baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırıb. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəlib.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a verilən məlumata əsasən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatlarının həcminin 185 milyon dollara çatması, bağlanmış əqd sayının 2000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon dollara yaxınlaşması SOCAR istiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

SOCAR istiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda, istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla 15–16 faizlə manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10 faizədək enmiş olur.

Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2020-ci il aprelin 17-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.