İQTİSADİYYAT
SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti 1050 dollara yüksəlib
Bakı, 13 mart, AZƏRTAC
Üç ildən artıqdır ki, tədavüldə olan SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti 1050 dollara yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub. Xatırladaq ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici 1046 dollar təşkil edib.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm amildir.
2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR istiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.
SOCAR istiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanıb.
Ümumi emissiya məbləği 100 milyon dollar olan, illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə etmək mümkündür.
Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi 2020-ci il aprelin 17-də baş tutacaq.