İQTİSADİYYAT
“SOCAR karbamid” zavodu ixracı genişləndirir
Bakı, 26 yanvar, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb. Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 faizi Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və sair ölkələrə ixrac olunur.
Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.