İQTİSADİYYAT


SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib

Bakı, 17 iyun, AZƏRTAC

SOCAR-la ABŞ-ın “Honeywell Performance Materials and Technologies” (“Honeywell PMT”) şirkətlər qrupunun əməkdaşlığı müzakirə olunub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “SOCAR Tower”də şirkətin prezidenti Rövnəq Abdullayev “Honeywell PMT”nin prezidenti və baş direktoru Raciv Quatamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

R.Abdullayev “Honeywell PMT” şirkətlər qrupuna daxil olan “UOP” şirkəti ilə SOCAR arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib, bu əlaqələrin Türkiyədə “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində daha da dərinləşdiyini bildirib. SOCAR-ın prezidenti “UOP” təmsilçilərini modernləşdirmə prosesində daha aktiv olmağa dəvət edib.

“Honeywell PMT” şirkətinin prezidenti və baş direktoru R.Qautam rəhbərlik etdiyi şirkətin “Star” neft emalı zavodunun tikintisi və Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi layihələrində yaxından iştirak etməsindən məmnunluğunu bildirib, şirkətə məxsus müasir emal texnologiyalarının Azərbaycanda tətbiqində, həmçinin azərbaycanlı mütəxəssislərin peşə təlimlərinə cəlb edilməsində maraqlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, SOCAR Heydər Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsində və Türkiyədə “Star” zavodunda bir sıra texnoloji qurğularda “Honeywell UOP” şirkətinin texnologiyalarından istifadə edir. Bununla yanaşı, “Honeywell PMT” şirkəti qeyd olunan hər iki layihədə Əsas Avtomatlaşdırma Podratçısı qismində iştirak edərək zavodları ən müasir avtomatlaşdırma sistemləri ilə təmin edir.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin səyləri və uzaqgörən siyasəti sayəsində hələ 1980-ci ildə hazırda onun adını daşıyan neft emalı zavodunda “UOP” texnologiyası ilə ilk katalitik riforminq qurğusu quraşdırılmış və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzinin istehsalına doğru mühüm addım atılıb.

“Honeywell UOP” (www.uop.com) emal texnologiyası, katalizatorlar, adsorbentlər, avadanlıq təchizatı və lisenziyası ilə məşğul olur, neft emalı, neft-kimya və qaz emalı üzrə konsaltinq xidmətləri göstərir. Şirkət “Honeywell’s Performance Materials and Technologies” strateji biznes qrupunun bir hissəsi olub, neft-qaz, emal, neft-kimya, kimya və digər sənaye sahələrində avtomatlaşdırma proseslərinin pioneridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.