İQTİSADİYYAT
SOCAR qazın şamda yandırılma əmsalına görə 2030-cu ilə qədər qoyulan tələblərə çatan dünyada ilk şirkət olmağı hədəfləyir
Bakı, 7 may, AZƏRTAC
SOCAR qazın şamda yandırılma əmsalına görə 2030-cu ilə qədər qoyulan tələblərə çatan dünyada ilk şirkət olmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə mayın 7-də şirkətdə keçirilən Dünya Bankının "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının Rəhbər Komitəsinin iclasında deyib.
"SOCAR 2012-ci ildən 3 böyük layihə həyata keçirir. “Neft Daşları” neft və qazçıxarma idarəsindən (NQÇİ) il ərzində 250-280 milyon kubmetr, “28 May” NQÇİ-dən illik 300-310 milyon kubmetr, "Çıraq" platformasından isə il ərzində 330-350 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilib. Ümumiyyətlə, dünya praktikasinda qəbul olunmuş şamda yandırılma əmsalı 5 faiz olduğu halda bu göstərici SOCAR-da 2014-cü ildə 2 faiz, 2016-cı ildə 1,74 faiz və 2017-ci ilin avqust ayında isə 1 faiz olub. Əldə olunmuş nəticə GGFR ilə səmərəli əməkdaşlığın nəticəsi olaraq qeyd edilməlidir. Əminəm ki, SOCAR bu sürətlə davam edərsə, dünya ölkələri arasında 2030-cu ilə qədər qoyulan tələblərə çatan ilk şirkət olacaq", - deyə şirkətin vitse-prezidenti qeyd edib.