İQTİSADİYYAT


SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır

Bakı, 14 iyun, AZƏRTAC

SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də Norveçin “Equinor ASA” şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və “Equinor-Azərbaycan” şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR və “Equinor” şirkətləri arasında cari əməkdaşlıq məsələləri, xüsusilə “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan hazırlıq işlərinin statusu müzakirə olunub.

“Equinor” şirkətinin nümayəndələri “Qarabağ” layihəsi üzrə aparılan işlərdə SOCAR-ın CDC (Caspian Drilling Company) şirkətinin iştirakını yüksək qiymətləndirib, şirkətin səriştəlilik, təhlükəsizlik və əməyin mühafizəsi sahəsində tətbiq etdiyi standartları təqdir ediblər. SOCAR və “Equinor” arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub. Qeyd edilib ki, gələn ay “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, 2018-ci il mayın 30-da SOCAR və Norveçin “Equinor” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalanıb. “Qarabağ” perspektivli dəniz strukturu 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində strukturun neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir və 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.