ELM VƏ TƏHSİL
SOCAR və tərəfdaşları “SABAH” magistrlərinin ingilis dili təlimlərini maliyyələşdirəcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə “British Council” arasında “SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “British Council” tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki və Bakı Mühəndislik universitetlərinin “SABAH Magistratura” qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcək. Layihənin məqsədi Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etməkdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, gənclərin intellektual potensialının reallaşdırılması istiqamətində fəaliyyətini davamlılıq əsasında quran SOCAR sosial sərmayə fəaliyyətində təhsil və təlim yönümlü layihələrə üstünlük verir. Həmçinin tərəfdaşlarını bu layihələrə təşviq edir.
Təhsil naziri Emin Əmrullayev “SABAH Magistratura” proqramının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qeyd edib ki, Azərbaycan və Britaniya arasında təhsil sahəsində uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələri var. O, yeni layihənin “SABAH Magistratura” qrupu tələbələrinin təhsilinə lazımi dəstəyi göstərəcəyinə inamını ifadə edib.