DÜNYA
SON 15 İLDƏ HİNDİSTANDA İLK DƏFƏ ÖLÜM HÖKMÜ İCRA EDİLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, avqustun 14-də Hindistanda son 15 ildə ilk dəfə olaraq ölüm hökmü icra edilmişdir. Hökmü Hindistan Ali Məhkəməsi çıxarmışdı. Qərbi Benqaliya ştatının inzibati mərkəzi Kəlkətə şəhərinin həbsxanasında 42 yaşlı Dhancoy Çatterci edam olunmuşdur. O, 1999-cu ildə 16 yaşlı məktəbli qızı zorlayıb öldürməkdə təqsirli bilinmişdir.
Hindistan Prezidenti Əbdül Kalam əfv haqqında ona göndərilən xahişi rədd etmişdir. Ali məhkəmə instansiyaları ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz olunması barədə apellyasiyanı nəzərə almamışlar.
Ölkədə belə cəzanın ədalətliliyi barədə rəylər müxtəlifdir. Bəzi hüquq müdafiə orqanları hesab edirlər ki, cinayətkar 13 il həbsxanada yataraq, layiqli cəzasını çəkmişdir. Onların fikrincə, hökumət humanizm mülahizələrinə əsasən ölüm cəzasından, ümumiyyətlə, imtina etməlidir. Digərləri isə, əksinə, bu fikirdədirlər ki, Hindistanda qadınlara qarşı zorakılığın artmasını ancaq belə sərt tədbirlər dayandırmağa imkan verər.