MƏDƏNİYYƏT
SON MƏNZİLƏ
Mərhumun cənazəsi Azərbaycan Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti adından, habelə hökumət təşkilatları, müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Teatrın foyesində aktyorun tamaşalarda və filmlərdə yaratdığı rolları əks etdirən fotostend təşkil olunmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi. Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər, Milli Məclisin deputatları, incəsənət, mədəniyyət xadimləri, eləcə də sənətsevərlər cənazənin yanında fəxri qarovulda dayandılar.
Matəm mərasimini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Dram Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neymətov, xalq artistləri Rasim Balayev, Bəsti Cəfərova, Ramiz Məlikov, Lütfiyar İmanov mərhumun həyat və yaradıcılığından danışdılar. Bildirildi ki, 1970-ci ildən Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Əliabbas Qədirov ömrünün sonuna kimi taleyini bu sənət məbədi ilə bağlamışdır. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, bir-birindən maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Son yaradıcılıq işi olan Hacı Zeynalabdin Tağıyevin obrazı Əliabbas Qədirovun daxilindən doğan yüksək insani, mənəvi duyğularla zəngin idi və sənətsevərlər görkəmli aktyorun bu roluna baxmaq üçün tamaşaya dönə-dönə gəlirdilər.
Çıxış edənlər sənətkarın xeyirxahlığını, insani keyfiyyətlərini də xüsusi vurğuladılar.
Mərhumun oğlu İlham Qədirov atasının xatirəsinə göstərilən ehtirama, yaradıcılığına verdikləri yüksək qiymətə görə Prezident İlham Əliyevə və mərasim iştirakçılarına ailəsi adından minnətdarlığını bildirdi.
X X X
Xalq artisti Əliabbas Qədirovun cənazəsi teatrın binasından qaldırılaraq ikinci Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu, cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!