SİYASƏT


SON MƏNZİLƏ

İyulun 25-də respublikamızın ictimaiyyəti Azərbaycan diasporunun tanınmış nümayəndəsi Züleyxa Xələf qızı Əsədullayevanı son mənzilə yola salmışdır. 

Mərhumun cənazəsi Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdur. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından, respublikanın hökumət təşkilatlarının, xarici səfirliklərin adından əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi. Respublika ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, görkəmli elm, mədəniyyət, incəsənət xadimləri cənazənin yanında fəxri qarovulda dayandılar, Azərbaycan diasporunun tanınmış nümayəndəsinə öz ehtiramlarını bildirdilər.

Matəm mərasimini Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Nazim İbrahimov açdı. O, yetmiş ilə yaxın bir müddətdə vətən həsrəti ilə yaşamış mərhumun xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Prezident Heydər Əliyevə xaricdə yaşayan Azərbaycan diasporu adından dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədr müavini, Edenburq Universitetinin professoru Qulamrıza Təbrizi, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova və başqaları matəm mərasimində çıxış etdilər.

Natiqlər vurğuladılar ki, Züleyxa xanım Əsədullayeva məşhur neft milyonçularından və xeyriyyəçilərindən biri Şəmsi Əsədullayevin nəslinə mənsub ailədə anadan olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra çox kiçik yaşlarında valideynləri ilə birlikdə xaricə mühacirət edərək İstanbulda yaşamışdır. Züleyxa xanımın ictimai fəaliyyəti səmərəli olmuş, o, Amerikada yaşayan azərbaycanlılar arasında fəal iş aparmış, onların bütün tədbirlərində yaxından iştirak etmişdir. Azərbaycan həqiqətlərinin Amerika, habelə dünya ictimaiyyətinə çatdırılmasında Züleyxa xanımın böyük xidmətləri olmuşdur. Taleyinə şirinli-acılı günlər düşmüş, həyatın ağır sınaqlarına sinə gərmiş Züleyxa xanım ürəyində həmişə vətən sevgisi gəzdirmişdir.

X X X

Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Əmircan qəbiristanlığına gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Tanınmış ictimai xadim, vətənpərvər qadın və gözəl insan kimi işıqlı xatirəsi onu tanıyanların ürəklərində həmişə yaşayacaq Züleyxa Əsədullayevanın cənazəsi babası Şəmsi Əsədullayevin qəbri yanında doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.

Allah rəhmət eləsin, qəbri nurla dolsun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.