Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOSİAL MÜAVİNƏTLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.0.11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər;

2.3. həmin Qanunun 7.0.8-ci, 9.1.7-ci və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon (şəhər, şəhərdə rayon) icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.4. həmin Qanunun 10.1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 4.0.1.7-ci, 4.0.2.2-ci və 4.0.2.3-cü maddələr üzrə sığorta olunan şəxslərə münasibətdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri, digər hallarda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri həyata keçirirlər.

3. Həmin Qanunun 8-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə:

3.1. nəzərə alınsın ki, dövlət qulluqçularına ömürlük müavinətin, bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə və üç yaşınadək uşağa qulluğa görə müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin “Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanları və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması barədə” 2001-ci il 18 yanvar tarixli 613 nömrəli Sərəncamı ilə tənzimlənir.

3.2. digər müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin:

3.2.1. yaşa görə müavinət - 20 manat;

3.2.2. əlilliyə görə müavinət:

3.2.2.1. əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “uşaqlıqdan əlillik” səbəbindən baş verdikdə:

I qrup əlillərə - 25 manat

II qrup əlillərə - 20 manat

III qrup əlillərə - 15 manat;

3.2.2.2. əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:

I qrup əlillərə - 65 manat

II qrup əlillərə - 55 manat

III qrup əlillərə - 50 manat;

3.2.2.3. əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I qrup əlillərə - 60 manat

II qrup əlillərə - 55 manat

III qrup əlillərə - 40 manat;

3.2.3. 16 yaşadək əlil uşaqlara müavinət - 25 manat;

3.2.4. ailə başçısını itirməyə görə müavinət - 20 manat;

3.2.5. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:

3.2.5.1. müddətli xidmət hərbi qulluqçularının uşaqlarına - 20 manat;

3.2.5.2. şəhid uşaqlarına - 10 manat;

3.2.5.3. müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 5 manat;

3.2.6. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 5 manat;

3.2.7. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 10 manat;

3.2.8. radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət - 110 manat;

3.2.9. uşağın anadan olmasına görə müavinət - 30 manat;

3.2.10. dəfn üçün müavinət - 60 manat.

4. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438, № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162, № 5, maddə 399, № 7, maddə 593, № 8, maddə 714) 2-ci bəndi, Azərbaycan Respublikası Prezidentinin “Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi qulluqçuların pensiyalarına əlavə aylıq müavinətlərin təyin edilməsi haqqında” 1998-ci il 30 may tarixli 715 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 321), Azərbaycan Respublikası Prezidentinin “Bəzi kateqoriyadan olan vətəndaşlara təyin edilən aylıq və birdəfəlik müavinətlərin məbləği barədə” 1999-cu il 8 noyabr tarixli 201 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 617), Azərbaycan Respublikası Prezidentinin “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” 1996-cı il 22 may tarixli 315 nömrəli Sərəncamının 1-ci, 4-cü, 5-ci, 7-ci və 8-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” 2000-ci il 29 dekabr tarixli 598 nömrəli Sərəncamının 1-ci və 3-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Əhaliyə ödənilən bir sıra sosial müavinətlərin artırılması haqqında” 2004-cü il 29 dekabr tarixli 564 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1052) 1-ci və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin