SİYASƏT
SOSİAL SAHƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Mayın 19-da Moskvada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Sazişi Azərbaycan tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Rusiya tərəfindən əmək və sosial inkişaf naziri Aleksandr Poçinok imzaladılar. Sənəddə sosial müdafiə, əmək miqrasiyası, pensiya təminatı, kadr potensialının inkişaf etdirilməsi sahəsində sıx qarşılıqlı fəaliyyət göstərilməsi nəzərdə tutulur.
İkitərəfli danışıqlar zamanı nazirlər qarşılıqlı əməkdaşlığın yaxşı səviyyədə olmasını və müəyyən edilmiş bütün tədbirlərin həyata keçirildiyini vurğuladılar. Rusiya naziri A.Poçinok ölkələrimiz arasında bütün sahələrdə münastibətlərin dərinləşməsində Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu xüsusi vurğuladı. O, apardığı siyasətə görə dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi ki, rusiyalılar Prezident Heydər Əliyevi ürəkdən sevir və qiymətləndirirlər. Təsadüfi deyil ki, bu günlərdə o, Rusiyanın ali ordeni ilə təltif olunmuşdur, onun keçmişdəki və indiki xidmətlərini hamı xatırlayır. Sonra A.Poçinok Rusiyadakı vəziyyətdən və sosial sahədə aparılan islahatlardan danışdı.
Nazir Əli Nağıyev həmkarına ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verdi və Rusiyanın sosial sahədə apardığı siyasətin təcrübəsindən Azərbaycanın istifadə etməsinin vacibliyini söylədi.
Əli Nağıyevin Rusiya ərazisində yaşayan azərbaycanlıların hüquqi statusu barədə qaldırdığı məsələ danışıqlarda mühüm yer tutdu. Nazir xatırlatdı ki, müxtəlif məlumatlara görə, Rusiya ərazisində 2 milyondan çox həmvətənimiz yaşayır və onlar qonşu dövlətə böyük fayda verirlər, lakin onların çoxunun vətəndaşlığı, bəzi hallarda isə, hətta pasport qeydiyyatı da yoxdur. O dedi ki, dövlətlərimiz arasındakı dostluq münasibətlərini nəzərə alaraq, Rusiyadakı azərbaycanlılar üçün şəraiti yaxşılaşdırmaq lazımdır. Azərbaycandakı bəzi müxalif qüvvələr daxili siyasi vəziyyəti gərginləşdirmək üçün bundan fitnəkarcasına istifadə edirlər.
Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev bildirdi ki, xüsusən hüquq-mühafizə orqanlarının qanuna zidd əməlləri barədə səfirliyə azərbaycanlılardan çoxlu şikayət gəlir. Rusiya rəhbərliyi bu problemə qayğı ilə yanaşır və xoşagəlməz halların aradan qaldırılmasına hər vasitə ilə kömək göstərir.
A.Poçinok dedi ki, Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi ölkədəki əcnəbi vətəndaşlar haqqında yeni qanuna düzəlişlər edilməsinə dair təklif irəli sürmüşdür. O, xoşagəlməz faktların aradan qaldırılması üçün Rusiya Miqrasiya Xidməti ilə birgə iclas keçiriləcəyini də vəd etdi. Nazir dedi: ”Miqrantların Rusiyada qalması şərtlərini sadələşdirmək lazımdır. Bu halda milis əcnəbilərə təzyiq göstərmək imkanından məhrum olar”. A.Poçinokun fikrincə, miqrasiya normalarını təkmilləşdirmək, yəni liberallaşdırmaq lazımdır. Bundan əlavə, əmək miqrasiyasını kvotalaşdırmaq mexanizmlərini çox ciddi şəkildə nəzərdən keçirib dəyişdirmək vacibdir, çünki Rusiyanın işçi qüvvəsinə ehtiyacı var.
Tərəflər başlanmış işi davam etdirmək və qarşıya çıxan məsələlərin daha operativ həlli üçün sosial sahənin mütəxəssislərindən ibarət işçi qrup yaratmaq barədə razılığa gəldilər.
Nazirlər vurğuladılar ki, bu cür uğurlu əməkdaşlığın əsasını Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin imzaladıqları sənəd təşkil edir.
Elə həmin gün Moskva Dövlət Sosial Universitetinin rektoru V.Jukov elm sahəsində xidmətlərinə görə Əli Nağıyevə bu ali məktəbin fəxri doktoru diplomunu təqdim etdi.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva