Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SOSİAL SIĞORTA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININQANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ”AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUNTƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin yeddinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.2. həmin Qanunun 15-ci maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin Qanunun 15-ci maddəsinin on doqquzuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası həyata keçirir.

3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, bir ay müddətində fərdi uçota əsaslanan məcburi dövlət sosial sığorta sistemində sığorta iştirakçılarının uçotu qaydalarını və məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarını yenidən hazırlayıb müvafiq qaydada təsdiq etsin.

4. Bu Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin