MƏDƏNİYYƏT
ŞÖVKƏT ƏLƏKBƏROVANIN XATİRƏ GECƏSİ
Sənətə ehtiramı, özünün səhnə mədəniyyəti, mənəvi kamilliyi və son dərəcə ağayana cazibədarlığı ilə xalq artisti Şövkət Ələkbərova XX əsr Azərbaycan ifaçılıq sənətinin ən qüdrətli nəğmə ustası idi. Şövkət xanımın yaradıcılığında yüksək vokal mədəniyyəti ilə zərif emosionallıq qoşa qanad kimi harmonik vəhdət təşkil edirdi. O, musiqi dünyasına elə məharətlə daxil olurdu ki, dəqiq hərəkət ölçüləri və ifadəli sifət cizgiləri ilə oxuduğu mahnının poetik obrazını təcəssüm etdirirdi.
Bu barədə mayın 30-da Azərbaycan Dövlət Muğam Teatrının təşəbbüsü ilə keçirilmiş və unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş gecədə danışıldı.
Gecəni giriş sözü ilə muğam teatrının direktoru Arif Qazıyev açaraq ruhu, ürəyi, varlığı ilə xalqa bağlı olan Şövkət Ələkbərova yaradıcılığının mayasında duran sənətkarlıq keyfiyyətlərindən bəhs etdi.
Bəstəkarlar İttifaqı idarə heyətinin birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, tibb elmləri doktoru, professor Ağabəy Sultanov, xalq artisti Sara Qədimova, xeyriyyəçi Nazim İbrahimov, xalq artisti Əlibaba Məmmədov, xalq artisti, professor Ramiz Quliyev, xalq artisti, professor Arif Babayev, xalq artisti Canəli Əkbərov, əməkdar artist Tələt Qasımov, əməkdar artist Rəhilə Həsənova, xalq artisti İslam Rzayev, akademik Budaq Budaqov və başqaları Şövkət Ələkbərovanın ifaçılığı üçün səciyyəvi olan dərin emosionallıq və lirizmdən, müğənninin muğam yaradıcılığının əsas məziyyətlərini təşkil edən məharətli gəzişmələrindən, improvizasiya ustalığından söhbət açdılar.
Sonra Dövlət Muğam Teatrının solistlərinin və respublikamızın incəsənət ustalarının ifasında uzun illər Şövkət xanımın repertuarını bəzəmiş qəlb oxşayan, füsünkar xalq nəğmələri və bəstəkar mahnıları səsləndi, unudulmaz, mərhum sənətkarın lent yazıları nümayiş etdirildi.
Gecənin sonunda Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov çıxış edərək anasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.