SOYDAŞIMIZ TÜRK DÜNYASININ ARAŞDIRMALARI VƏQFİNİN XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AzerTAg.az
AZƏRTAC–ın müxbiri xəbər verir ki, iyunun 3-də İstanbulda Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan ənənəvi 10-cu türk dünyası uşaqları musiqi müsabiqəsi keçirilmişdir. Tədbirdə çıxış edən Vəqfin sədri professor Turan Yazqan türk dünyasının elm, ədəbiyyat və incəsənət xadimləri arasında sıx əməkdaşlıq yaradılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Bu sahədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin mühüm işlər gördüyünü xatırladan natiq, son illər ərzində türk dünyasının ədəbiyyat, kino, opera, teatr günləri və s. kimi silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirmiş, bu tədbirlərin təşəbbüskarı və təşkilatçısı, Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış rejissor, professor Tofiq İsmayılovun əməyini xüsusi qeyd etmişdir. O, bütün bu səylərinə görə həmyerlimizin Vəqfin xüsusi mükafatına layiq görüldüyünü bildirmiş, bu mükafatı və xatirə plaketini ona təqdim etmişdir.
Sonra müxtəlif türkdilli ölkələrdən, muxtar respublika və vilayətlərdən gələn uşaqlar konsert proqramı ilə çıxış etmişlər. Tədbir “TRT” televiziya kanalı ilə birbaşa yayımlanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var