SİYASƏT


SOYDAŞLARIMIZ BERLİNDƏ ERMƏNİSTANIN SƏFİRLİYİ QARŞISINDA ETİRAZ MİTİNQİ KEÇİRƏCƏKLƏR

Fevralın 23-də Azərbaycan Respublikasının Berlindəki səfirliyində Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Almaniyada yaşayan və Azərbaycan Cəmiyyətləri Federasiyasında, “Ocaq”, “Odlar yurdu” kimi birliklərdə təşkilatlanan soydaşlarımız əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, faciənin misli görünməmiş dəhşətlərini əks etdirən fotoşəkillərə baxdılar.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən respublikamızın Berlindəki səfiri Hüseynağa Sadıqov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və Rusiyanın 366-ci hərbi alayının Xocalıya hücum edib uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə qətlə yetirdiklərini, Xocalını yerlə yeksan etdiklərini bildirdi. Səfir xüsusi vurğuladı ki, ermənilərin 1988-ci ildən başladıqları Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı hərbi təcavüz, ərazilərimizin işğalı, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş, lakin nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanı cilovlamaq üçün heç bir tədbir görməmişlər. Azərbaycanın o vaxtkı iqtidarı da faciəyə hüquqi-siyasi qiymət verməmişdir. Yalnız 1994-cü il fevralın 24-də Prezident Heydər Əliyevin təklifi ilə Azərbaycan parlamenti Xocalı hadisəsini müzakirə etmiş və onu xalqımıza qarşı soyqırımı aktı kimi qiymətləndirmişdir.

Sonra mərasimdə Xocalı faciəsindən bəhs edən “Əsirlər və sirlər” sənədli filmi nümayiş etdirildi.

Mərasimdə Xocalının sağ qalmış sakinlərinin 2002-ci il fevralın 20-də keçirilmiş toplantısında BMT, Avropa Şurası və ATƏT-ə qəbul olunmuş müraciətinin mətni oxundu.

Axırda Xocalı şəhidlərinin xatirəsinə ehsan verildi.

Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası fevralın 26-da Berlində Ermənistanın səfirliyi qarşısında soydaşlarımızın etiraz mitinqini keçirməyi qərara almışdır. Həmin gün yerli vaxtla saat 10-dan 12-dək keçiriləcək mitinqə Berlin bələdiyyəsi və polisi rəsmi icazə vermişdir.

Yusif Xəlilov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.